» » Xaçmazda iş adamı öldürüldü...

Ailə / Kriminal / Manşet / Kiçik Manşet

Xaçmazda iş adamı öldürüldü...

Xaçmazda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi davam etdirilib. Onlar Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovdur.

Musavat.com xəbər verir ki, adıçəkilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutub.

Prosesdə prokuror ittiham aktını elan edib. İttihamda qeyd edilir ki, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradaraq, Xaçmazda quldurluq, oğurluq cinayətləri ilə məşğul olublar. Onlar rayon sakini Nəzakət Hacıyevanın evinə girərək onu zəhərləyərək öldürüblər və evindən 10 min manat pul götürüblər. Daha sonra həmin mənzili yandırıblar. Qadının meyiti də yanıb.

Dəstə üzvlərinin digər cinayət əməli barədə ittihamda yazılır ki, onlar əvvəlcədən hazırladıqları plan üzrə topdansatış mərkəzi olan İlqar Məmmədovun evinə daxil olublar. İlqar Məmmədovu bıçaqla qətlə yetirərək evindən 289 min manat pul və qızılları götürüblər.

Prosesin davamında təqsirləndirilən şəxslər ittihama münasibət bildirib. Qalib Kərimov özünü qismən, Firudun Axverdiyev və Vüsal Rüstəmov isə özünü təqsirli bilməyiblər.

Məhkəmədə Qalib Kərimov sərbəst ifadə verib. O, deyib ki, Nəzakət Hacıyevanın epizodu üzrə hadisədə iştirak etməyib: "Həmin hadisəni mən törətməmişəm. Zorla boynuma qoyulub. Guya mən Nəzakəti kolbasa çörəyinə zəhər qataraq öldürüb evindən oğurluq etmişəm. Bunu elə Firudin deyib. Ona görə də mən İlqarın epizodunda onun olduğunu demişəm. Halbuki İlqar Məmmədovun epizodu üzrə mənlə Vüsal olub. Yəni Firudun məni ilişdirdi. Orda-burda deyirdi ki, Qalibin üstünə başqa da ölüm işi qoyacam. İstintaq aparılan zaman müstəntiq dedi ki, Nəzakəti də sən öldürmüsən. Mən də acıq edib, Firudunun da İlqar Məmmədovun öldürülməsi epizodunda iştirak etdiyini dedim".

Qalib Kərimov deyib ki, İlqar Məmmədovun evinə oğurluq məqsədilə giriblər.

O, 2012-ci ildə də həmin evdən oğurluq etdiyini söyləyib: "O işə görə həbs edilmişdim. İndi isə fikirləşirdim məni tanımaz. Hadisə baş verəm günü Vüsalla oturub içmişdik. Getdik İlqarın evinə. Məqsəd əvvəlcədən həmin yerə baxmaq idi. Kameraların hardan çəkdiyini müşahidə edəcəkdim ki, sonra oğurluğa girəndə bilim. Evi ilə ticarət yeri bitişik idi. Həmin yerə müştəri qismində girdim. İlqar məni tanıdı. Dedi sən mənim evimdən oğurluq etmisən. Başladı məni söyməyə. Bu zaman soyuducunun yanında bıçağı götürüb ona bir neçə dəfə bıçaq vurdum. İlqar Məmmədovun evinə tək girdim. Vüsal sərxoş idi deyə maşında gözləyirdi. İlqarı öldürəndən sonra bıçağı yudum. Qapıları bağladım. Kameraların "şunur"larını kəsdim. Yaddaş aparatını özümlə götürdüm. Evin içərisənə girdim. Birinci mərtəbədə televizorun altındakı qutudan 80 min dollar pulu götürdüm. Orda pul 80 min dollar, bir də 500 manat olub".

Q.Kərimov istintaqın dəymiş zərəri 180 min dollar məbləğində hesablamasının yanlış olduğunu bildirib və ifadəsinə belə davam edib: "Pulları götürüb, ikinci mərtəbəyə qalxdım. Qızılları da götürüb gəldim. Vüsalla birinci bizim evimizə getdik. Evdə paltarlarımı dəyişdim. 10 min dolları evə qoydum. Sonra Bakıya gəldik".

O, deyib ki, Bakıda pulu aralarında bölüblər. Onun dediklərindən məlum olub ki, həbs edilmədikləri müddətdə pulun bir hissəsini özlərinə xərcləyərək kef çəkiblər: "Yolda pulları böldük. Vüsal 40 min dolları götürüb qeyri-rəsmi yaşadığı qadıngilə getdi. Sabahı görüşdük. Hərəmizə bir dənə "iphone" aldıq. Sonra mən "Niva", Vüsal da "X6" aldı. Sonra əlim yanmışdı. Onu əməliyyat etdirdim. Kirayə ev tutdum. Vüsal Rusiyaya, ordan da Qazaxıstana getdi".

Daha sonra prokurorun suallarını cavablandıran Q.Kərimov bildirib ki, hadisədən 1 ay sonra həbs edilib:"Həmin vaxtda rayonda başqa oğurluq olmuşdu. Sahə müvəkkili evimizə getmişdi. Rayonda nə oğurluq olurdu, məni gəlib aparırdılar. Anam da Bakıda olduğumu demişdi. O zaman sahə müvəkkili ilə danışdım, rəisin məni çağırdığını dedi. Lakin getmədim".

Qalib Kərimov Bakıda yol polisi tərəfindən saxlandığını deyib: "Evdə olanda Vüsalla "whatsapp" vasitəsi ilə danışırdım. Mənə evdən çölə çıxmamağımı deyirdi. Bir neçə gün evdən çıxmadım. Maşını da sürmək üçün olan etibarnamə ilə sürürdüm. Yol polisi məni saxladı. Sənədlərimi istədi. Sonra məni Nəsimi polisinə gətirdilər. Ordan Xaçmaz polisinə təhvil verdilər".

Növbəti məhkəmə prosesi noyabrın 13-nə təyin edilib.

Hadisə ötən il iyunun 16-da Xaçmazda baş verib. Ərzaq mallarının topdan satışıyla məşğul olan İlqar Məmmədovun meyiti evinin həyətində tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Məmmədovun qarət məqsədilə qətlə yetirildiyi məlum olub.

İşlə bağlı şübhəli bilinən Xaçmaz rayon sakinləri Qalib Kərimov və Firudin Axverdiyev həbs edilib.

Dəstənin digər üzvü V.Rüstəmov isə ölkədən qaçıb. 1984-cü il təvəllüdlü Rüstəmov Vüsal Arif oğlunun Rusiyaya, oradan da Qazaxıstana qaçması müəyyən edilib. O, Qazaxıstanda tutularaq Azərbaycana təhvil verilib.




O, vətəndaşları ucuz qiymətə dollar satmaq adı ilə aldatmaqda təqsirləndirilib Noyabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Zaminbank” ASC-nin xəzinədarı olmuş Eldar Salmasiyə hökm oxunub. Hakim Rahib Salmanov E. Salmasini 10 il müddətinə azadlıqdan məhrum edib.

İttihama əsasən, “Zaminbank” ASC-də xəzinədar olmuş E. Salmasi vətəndaşları ucuz qiymətə dollar satmaq adı ilə aldadaraq dələduzluq edib. E. Salmasi vəzifəsindən azad edildikdən sonra da bir neçə şəxsə qarşı dələduzluq əməli törədib. İttihama münasibət bildirən E. Salmasi özünü təqsirli bilməyib və həmin pulları borc adı ilə aldığını deyib.

“Zaminbank” ASC ötən ilin oktyabrında müflis elan olunub. 2015-ci ildə Azərbaycanda iki dəfə devalvasiya baş verib. Nəticədə manat dollara nisbətən iki dəfə dəyər itirib. Sonradan manatın məzənnəsi sabitləşsə də, cəmiyyətdə devalvasiya xofu qalıb. Odur ki, əksər insanlar pullarını dollara çevirib saxlamağa üstünlük verirlər.


Ali Məhkəmənin hakimi Fərhad Kərimovun qardaşı hakim qarşısına çıxarılır.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mahir Kərimovun cinayət işi üzrə məhkəmə iclası keçirilir.

İşə hakim Azad Məcidovun sədrliyi ilə baxılır.

Sonuncu iclasda hakim bildirib ki, işdə adı keçən əsas şəxslərdən biri istintaqa cəlb olunmayıb. A.Məcidov qeyd edib ki, zərərçəkmişlər pulu birbaşa Ramil Şükürova verdikləri barədə ifadə versələr də, müstəntiq onu dindirməyib.

Hakim R.Şükürovun məhkəməyə çağırılıb dindiriləcəyini söyləyib. Həmin şəxs də bir müddət əvvəl dələduzluqda və sənədləri saxtalaşdırmaqda təqsirləndirilərək, Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Əlövsət Abbasovun hökmü ilə məhkum edilib. Sonradan şərti azadlığa buraxılıb.

Növbəti prosesi noyabrın 15-nə təyin edilib.

Musavat.com bu iş üzrə Mahir Kərimovun istintaqa ifadəsini əldə edib.

Mahir Kərimov ifadəsində necə şirkət rəhbəri olmasını danışıb.

30 ilə yaxın tikinti sahəsində işlədiyini deyən M.Kərimov 1987-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Baş Təmir Tikinti İdarəsində işləyərkən orada taxta sexinin rəisi olan Ələsgər Ömərovla tanış olduğunu söyləyib.

Bildirək ki, Ələsgər Ömərov İTV telekanalının sabiq rəhbəri İsmayıl Ömərovun qardaşıdır.

M.Kərimov deyib ki, uzun illər dostluq etdiyi Ələsgər Ömərov 2005-ci ildə ona çoxmərtəbəli bina tikintisi ilə məşğul olmaq üçün “Fateh-N” adlı şirkət açacağını deyib.

"Mənə də direktor olmağı təklif etdi. Ələsgər dedi ki, başqa bir neçə şirkətin təsisçisi və sədri olduğu üçün burada rəsmi sənədlərdə adı keçə bilməz, ona görə mənim sənəd üzərində imzam olmasını, lakin bütün işləri özünün görəcəyini dedi. Mən də onu çoxdan tanıdığım üçün razılıq verdim. Şirkət təsisçisi Nəsir İsayev, direktor isə mən oldum. 2007-ci ildə Ələsgərin tapşırığı ilə Nəsir İsayev təsisçilikdən çıxdı, bütün paylarını mənə verdi. Beləliklə, mən həm təsisçi, həm də direktor oldum. 2005-ci ildə Neapol küçəsi 26A ünvanında 11 mərtəbəli, 5 bloklu 290 mənzilli binanın tikintisinə başlandı, özül qazılan andan mənzillər satılmasına start verildi. Satışı birbaşa Əlsəgər özü tənzimləyirdi, müştərilərlə görüşürdü, pulu da mənim iştirakım olmadan alırdı. 2010-cu ilə qədər mənzillər 99 faizi satıldı, həmin il binanın tikintisində problemlər yarandı"- deyən M.Kərimov bu problemlərin səbəbini də göstərib.

O qeyd edib ki, müştərilərdən alınan pullar həmin binaya deyil, onun yanındakı ikinci binanın tikintisinə xərclənirmiş.

Hakim qardaşının sözlərinə görə, bu səbəbdən də həmin bina üçün tikinti avadanlıqlarının alınmasında, işçilərin maaşlarının verilməsində çətinlik yaranıb: "Bu da tikintinin dayandırılmasına gətirib çıxartdı. 2012-ci ildə Ələsgər Ömərov ürəktutmasından vəfat etdi. Bundan sonra mən binanın tikintisini öz gücümə davam etdirməyə çalışdım. Lakin maliyyə imkamlarım məhdud olduğu üçün başa çatdıra bilmədim".

O, istintaqdakı ifadəsində zərərçəkənlər Fikrət Cəfərli, Namiq Qaraşov, Şahin Yusifov və Asif Yusifovla bağlı da ifadə verib.

M.Kərimov deyib ki, Namiq və Şahin adlı zərərçəkmiş şəxslər binada malyar işlərini görüblər: “Nağd pul olmadığı üçün işlərin müqabilində onlara binadan qeyri-yaşayış sahəsi verməyə razılaşdıq. Aramızda müqavilə olmasa da, şifahi formada anlaşmışdıq. Asif isə bizim binadan bacısı üçün ev almışdı. 2014-cü ildə Firkət Asiflə birlikdə mənim yanıma gəlib dedilər ki, Namiqin binadakı obeykti ona məxsusdur və Namiq onlardan 12 min dollar alaraq gizlənib. Bundan sonra Namiq mənə dedi ki, Şahin Yusifovun adına rəsmiləşdirdiyi həmin obyekti Fikrətə verəcək. Mən də dedim ki, razılıq ərizəsi və müqaviləni gətirsin, sənədləşdirək. Bir müddət sonra Namiq başqa təkliflə mənim yanıma gəldi. Onun istəyi ilə 2016-cı ilin aprelində gördüyü işlərin müqabilində ona verəcəyiniz 425 kvadrat obyektdən 60-nı Firkətin adına girov kimi keçirtdik. Bu dəfə isə Fikrət həmin yeri istəmədiyini dedi. Namiqlə Fikrət arasında baş verənlərdən sonra xəbər tutdum. Şahin öz adına olan 30 kvadrat obyekti başqa adama satıbmış. Həmin obyekti Namiq də Firkətə satıb. Bundan sonra Fikrət şikayətlər yazmağa başladı, Namiqi də tapmaq olmurdu. Mən də 9 min dollar pulu Namiqdən alıb Fikrətə verəcəyim barədə qəbz yazdım, amma Namiqdən pulu ala bilmədim”.

Xatırladaq ki, M.Kərimov "Fateh-N" MMC-nin icraçı direktoru vəzifəsində çalışarkən, bir mənzili bir neçə nəfərə satmaqda ittiham edilir.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

M.Kərimov Ali Məhkəmənin hakimi Fərhad Kərimovun qardaşıdır. "Fateh-N" MMC-nin təsisçisi isə Ələsgər Ömərov olub. O, bir müddət əvvəl dünyasını dəyişdiyi üçün barəsindəki cinayət işinə xitam verilib. 

Qeyd edək ki, M.Kərimov məhkəmədə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini söyləyib.





Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa